Daha iki nəfər Azərbaycana ekstradisiya edildi

Leyla Aliyeva 27/08/2020

Azərbaycanın beynəlxalq axtarışa verdiyi iki nəfər ekstradisiya olunub.

Baş prokurorluqdan “XəbərBuro”ya verilən məlumata görə, Abşeron rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Faiq Quliyevin arvadı Xəyalə Quliyevaya yaşadığı evdə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarəti yetirməsinə, Şəmkir rayon Polis Şöbəsinin İstintaq Bölməsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İslam Məmmədovun bir neçə şəxsin etibarından sui istifadə edərək özgə əmlakını ələ keçirmək məqsədilə təkrar dələduzluq əməlini törətmələrinə əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarış elan edilib .

Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Rusiya Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Faiq Quliyev və İslam Məmmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.