Daha bir şəhidimiz dəfn olundu

Leyla Aliyeva 14/07/2020

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun mayoru Anar Novruzov qəhrəmancasına şəhid olub.

"Xəbərburo" bildirir ki, "Qafqazinfo" "Azərtac"a istinadən verdiyi xəbərə görə, şəhidin nəşi doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsinə gətirilib. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Milli Məclisin deputatları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

Ordumuzun şəhid olan mayoru Novruzov Anar Gülverdi oğlu Ərkivan qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 44 yaşı olan Anar Novruzov ailəli idi, bir qız, bir oğlan övladı yadigar qalıb.

Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı övladına təhvil verilib.