"Çingiz adlı bir salnamə"

Leyla Aliyeva 08/07/2020

Azərbaycanlı jurnalist, Qarabağ müharibəsi şəhidi Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin-Yar kəndində Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində anadan olub.

"Xəbərburo" bu haqda bildirir ki, o ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və televiziya prodüseri Seyfulla Mustafayevin qardaşıdır.

Azərbaycan Tibb İnstitutunu bitirib, Şabran rayonunda 3 il həkim işləmişdir.
Ç.Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olmuş, ilk DJ kimi tanınır. 1981-ci ilin sentyabr ayında Mustafayevin başçılığı altında, 12 nəfərdən "light DJ" və "texnik"lərdən ibarət olan “3M” adlı qrup yaratmışdır. 1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib.1990-ci illərdə Azərbaycan televiziyasında "Ekspromt", "Cümə axşamı" verilişlərinin, "Gənclik" estrada tamaşasının və "Ozan" rok qrupunun yaradıcısı olmuşdur.

Jurnalistikaya böyük maraği olan Çingiz yolunu bu sahədə davam etmiş, 1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərmişdir. 

Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkmişdir. O döyüş zonasında təkcə reportyor kimi yox, əsgər, zabit, hətta komandan kimi fəaliyyət göstərmişdir.

1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirmişdir. Vahid Mustafayevin sözlərinə görə, Çingiz “ABC News” üçün material hazırlayırdı və yaranan çətin vəziyyətə baxmayaraq həmin hücumu çəkdi. Qəlpələrdən ağır yaralanan jurnalist sağ ayağının bud sümüyünün arterial damarı zədələnməsi nəticəsində sürətli qanaxmadan döyüş meydanında dünyasını dəyişdi. 1992-ci ildə Bakıda Şəhidlər xiyabanınında dəfn edilib.


1999-cu ildən Çingiz Mustafayev adına Fond  fəaliyyət göstərir. Atası Fuad Mustafayev fondun prezidentidir. Fond "İlin adamı", "Ən yaxşı jurnalist" mükafatları və "Vətənpərvər və hərbi mahnı müsabiqəsi"ni həyata keçirib.

Qeyd edək ki, hərbi jurnalist, xalqın qəhrəmanı Çingiz Mustafayev Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.