Ceyhun Bayramov ilə Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub

Məmmədzadə Zərintac 17/07/2020

Xarici İşlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə telefon danışığı olub.

"Xəbərburo" xəbər verir ki, Xarici İşlər Nazirliyindən olan məlumat əsasında, telefon danışığında nazir Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin edilməsi münasibətilə Ceyhun Bayramovu təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Nazirlər möhkəm tarix və mədəni köklər üzərində qurulan ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov bölgədə sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayaraq, həmkarına Ermənistan silahlı qüvvələrinin sərhəd bölgəsinin Tovuz rayonu istiqamətində  hərbi təxribatı və hazırkı gərgin vəziyyətə dair məlumat verib. Yalnız işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarından çıxarılmasının və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifaha gətirə biləcəyi deyilib. Bu xüsusda, nazir Ceyhun Bayramov İranın Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirilməsi ilə bağlı mövqeyinə görə təşəkkürünü bildirib.

 Məhəmməd Cavad Zərif münaqişənin həlli ilə bağlı irəliləyişin əldə edilməsi üçün yardımçı olmağa ölkəsinin hər zaman hazır olduğunu söyləyib.