Ceyhun Bayramov Çinin Azərbaycandakı səfirini qəbul edib

Məmmədzadə Zərintac 19/08/2020


 19 avqustda  Xarici İşlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri xanım Qo Mini qəbul edib.

"XəbərBuro" xəbər verir ki, Ceyhun Bayramov Azərbaycan və Çin arasında qarşılıqlı anlaşma və etimada əsaslanan yüksək səviyyəli siyasi dialoqun mövcudluğunu vurğulayıb. Ölkələrin bir-biri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrindən danışan Nazir, Azərbaycan və Çin arasında əlaqələrin siyasi, iqtisadi-ticarət, humanitar, səhiyyə və təhsil sahələrində inkişafından məmnunluğunu söyləyib.

Səfir Qo Min Çinin Xarici İşlər naziri Vanq Yinin səmimi salamlarını və təbriklərini nazir Ceyhun Bayramovun nəzərinə çatdırıb.

Tərəflər ikitərəfli və çoxtərəfli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün fikir mübadiləsi ediblər.

Ölkə rəhbərləri səviyyəsində səfərlərin iki ölkə arasında əlaqələrin inkişafına təkan verdiyi bildirilib.

Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətlə əlaqədar prinsipial mövqeyi qeyd olunub.

Ermənistan - Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinə dair qarşı tərəfə məlumat verən Nazir, xüsusilə cari ilin 12 iyulda  Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin planlaşdırdıqları təxribat haqqında danışıb. Ermənistanın bu dəfəki təxribatının ölkənin hərbi-siyasi məqsədlərinə xidmət etdiyini və münaqişənin həlli üzrə substantiv danışıqlara maneçilik məqsədi güddüyünü vurğulayıb.

Görüş zamanı səfir, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət ifadə olunması ilə bağlı Çinin qəti mövqeyini diqqətə çatdırıb.

Xanım səfir Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın fəaliyyətini, xüsusilə pandemiya ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən irəli sürülmüş bir sıra qlobal təşəbbüslərin Çin tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Qlobal səviyyədə koronavirusla mübarizə aparıldığı bir dövrdə beynəlxalq əməkdaşlıq və həmrəyliyin əhəmiyyətini  xüsusi qeyd ediblər. Çinin göstərdiyi texniki dəstəkdən bəhs edən Nazir, bunun Azərbaycan və Çin xalqları arasında dostluq ənənələrinə sadiq qaldığının bariz nümunəsi olduğunu qeyd edib və bu çətin günlərdə göstərilən dəstəyə və həmrəyliyə görə minnətdar olub.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə müzakirələr olunub.