Çexiyada yoluxma artdı, Səhiyyə naziri istefa verdi

Röya Vahabova 21/09/2020

Çex Respublikasının Səhiyyə Nazirliyinin rəhbəri Adam Voytex koronavirusa yoluxanların sayının artması fonunda istefa verdiyini elan edib.

“Xəbərburo" bildirir ki, bu barədə Voytex jurnalistlərə açıqlamasında bildirib: “Ciddi fikirləşəndən sonra Səhiyyə naziri vəzifəsindən istefa vermək qərarını verdim”.

O, bununla koronavirusun yayılmasına qarşı yeni həllər üçün yol açmaq istədiyini bildirib. Voytexin sözlərinə görə, o, bu barədə artıq Baş Nazir Andrey Babişə məlumat verib.

Qeyd edək ki, son həftələrdə Çexiyada yoluxma sayında kəskin artım müşahidə olunur. Sentyabrın 18-də yeni yoluxma faktlarının sayı 3130-a çatıb, bu isə bütün Mərkəzi Avropa ölkələri arasında ən yüksək göstərici hesab olunur. Ölkənin bir çox siyasətçisi Səhiyyə Nazirliyinin epidemiyaya qarşı mübarizədə əhəmiyyətli qərarlar verməyə gecikdiyini düşünür.