“Bütün azərbaycanlı əsirlər geri qaytarılıb” - Muradov

Esed Abasli 09/12/2021

“Qarabağ münaqişəsi zamanı əsir düşən Azərbaycan tərəfinin bütün hərbçiləri Rusiya sülhməramlılarının köməkliyi ilə geri qaytarılıb”.

“XəbərBüro” xəbər verir ki, bunu “TASS”a Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini, Qarabağdakı Rusiya sülhməramlılarının keçmiş komandanı general-leytenant Rüstəm Muradov deyib.

Onun sözlərinə görə, hazırda əsir düşən erməni hərbçilərin geri qaytarılması istiqamətində işlər davam etdirilir. 

“Hesab edirəm ki, bu məsələ tam olaraq bağlanmalıdır. Rusiyalı sülhməramlılar isə bu işi sona çatdıracaqlar”, - deyə Rüstəm Muradov söyləyib.

Xatırladaq ki, 2020-ci ilin dekabrın 14-də Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 14 nəfər erməni əsirliyindən və girovluğundan azad olunaraq Bakıya gətirilmişdi.

Sonuncu dəfə isə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunun Ermənistan tərəfinə təhvil verildiyinə dair açıqlama yaymışdı.