“Bu gün Azərbaycan 90-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır”

Röya Vahabova 10/08/2020

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib. Mərasimdən sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

"Xəbərburo" dövlət başçısının müsahibəsindən bəzi məqamları təqdim edir.

“Bu gün “Qarabağ” yatağının dəniz işlərinə start verilir. Bu, yatağın işlənməsində çox önəmli mərhələdir. Bu nəhəng qurğu Azərbaycan mütəxəssisləri tərəfindən ölkəmizdə inşa edilibdir və bu gün artıq dənizə yola salınır”.

“İndi bizim əsas diqqətimiz Cənub Qaz Dəhlizinin başa çatmasına yönəldilib. Bu layihə də uğurla icra edilir. Bunun dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir”.

“Bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur”.

“Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.