BMT-nin Baş katibi Prezidentə zəng edib

Məmmədzadə Zərintac 22/07/2020

 22 iyulda BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

"XəbərBuro" xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş, öncə, Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmalardan narahatlığını vurğulayıb və insan tələfatı ilə bağlı təəssüf hissini ifadə edib. BMT-nin Baş katibi qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda status-kvo həmişəlik davam edə bilməz və o, hərbi əməliyyatlara son qoyulmasına, danışıqların davam etdirilməsinə səsləyib.

Prezident İlham Əliyev telefon zənginə və sərhəddə baş vermiş hadisələrlə bağlı şəxsən diqqət göstərdiyinə görə BMT Baş katibinə minnətdarlığını bildirib. Dövlətimizin başçısı məlumat verib ki, Ermənistan tərəfi təkcə Azərbaycan hərbçilərini deyil, Azərbaycan kəndlərini də atəşə tutub və bu səbəbdən hərbçilərimizlə yanaşı, 76 yaşlı mülki şəxs də həlak olub. Azərbaycan Ordusunun adekvat cavabı nəticəsində Ermənistanın hücumunun qarşısı alınıb və hazırda vəziyyət nisbətən sabitləşib. Prezident İlham Əliyev söyləyib ki, toqquşmalar işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan uzaq məsafədə baş verib və Azərbaycanın Ermənistan ərazisində hərbi məqsədləri yoxdur. Biz sadəcə öz ərazilərimizi və insanlarımızı qorumalıyıq və qoruyuruq.

Dövlət başçısı BMT Baş katibinin bu fikri ilə razı olduğunu bildirib ki, status-kvo həmişəlik davam edə bilməz və qeyd edib ki, Azərbaycan həmişə danışıqlar masası arxasında konstruktiv mövqedə olub. Lakin Ermənistan Baş nazirinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı və digər tərəfdən onun “Azərbaycan Ermənistanla deyil, Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bildirməsi danışıqlar prosesini ciddi şəkildə təhlükəyə salır.

Dövləti başçısı bir daha vurğulayıb ki, Ermənistan 30 ilə yaxındır BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymur. Prezident İlham Əliyev bir daha BMT-nin Baş katibinə telefon zənginə və sərhəddə baş vermiş hadisələrə göstərdiyi diqqəti üçün təşəkkür edib.