“Biz onlara qanun çərçivəsində cavab verməliyik”

Leyla Aliyeva 24/07/2020

"Ermənistanla sərhəddə baş verən son hadisələrlə bağlı dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımız tərəfindən ordumuza dəstək nümayişləri təşkil olundu! Və xaricdəki soydaşlarımızın ermənilər tərəfindən hücuma məruz qaldığını bütün dünya gördü!”

“Xəbərburo” xəbər verir ki, bu sözləri millət vəkili Nurlan Həsənov feysbukda yazıb. O, paylaşımına bu sözlərlə davam edib: 

“Dövlət səviyyəsində terrorçuluq və rasizm Ermənistan üçün yad deyil, ASALA-dan tutmuş Xocalı soyqırımına qədər minlərlə misal çəkmək mümkündür!

Bu gün Ermənistan hakimiyyəti rasist dəyərlərə əsaslanan dövlət səviyyəsində terrorçuluq siyasəti yürüdür. Brüsseldə, Los-Ancelesdə onlar necə vəhşilik edə biləcəklərini bütün dünyaya göstərdilər. İndi dünya ictimaiyyəti düşünməlidir, hətda əmin olmalıdır ki, bunların əlində silah olsa və hüquq-mühafizə orqanlarından qorxuları olmasa Xocalıda baş verənlər Brüsseldə təkrar oluna bilərdi!

Bu gün artıq soydaşlarımıza hücum edən ermənilər hüquq-mühafizə orqanları tərəfindən saxlanılır. Sosial şəbəkələrdə yayılan videolarda göründüyü kimi, bir neçə erməni bir gəncimizə ağır xəsarət yetirir və açıqca bu hücumun rasist motivli olması görülür. Bir çox dünya ölkələrində isə rasist motivli xəsarət yetirmə cinayət hüququnda ağırlaşdırıcı hal kimi nəzərə tutulur. Biz onlara qanun çərçivəsində cavab verməliyik, onlar məsuliyyətə cəlb edilməlidir! Ümidvaram ki, xarici ölkələrin hüquq-mühafizə orqanları bunu nəzərə alacaq və məsələ qanun çərçivəsində öz həllini tapacaq!

Ermənistan dünya ictimaiyyətini aldadır, demokratik, hüquqi dövlət qurduğunu bildirir! Bu, böyük yalandır! Avropa dəyərlərinə söykənən hansı hüquqi dövlət öz qonşusunun və ya başqa dövlətin ərazisini işğal edər?! Bu sualı verməlidir dünya ictimaiyyəti! Avropa Parlamenti, Birləşmiş Millətlər Təşkilatı, bütün dünya Ermənistanın işğalçı dövlət olduğunu deyir. Lakin çox təəssüf ki, bəzi qonşu dövlətlər tərəfindən işğalçı rejimlə hərbi əməkdaşlıq edildiyini görürük!

Cənab Prezident son çıxışlarında belə bir söz işlətdi: "Gəl bizimlə təkbətək vuruş, görək bunun axırı nə olacaq". Ermənistanın buna nə cəsarəti, nə də gücü çatar. Qaçaraq tez balaca qorxaq günahkar, lakin məsum görünən uşaq kimi ögey atalarının arxasında gizlənirlər! Lakin nə vaxta qədər gizlənə biləcəklər?”