Birgə bəyanat - Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan sərhədləri çərçivəsində həlli

Esed Abasli 13/06/2020

Avropa Parlamentinin Azərbaycan və Ermənistan üzrə məruzəçiləri, Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıb.

"XəbərBuro" xəbər verir ki,  Birgə bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub. Qeyd olunur ki, bu yeni yol infrastrukturu, işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarını keçərək Ermənistandakı Kapan rayonunu Dağlıq Qarabağın Hadrut rayonu ilə birləşdirəcək. Lakin bu magistralın inşası qərarı, Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan alınıb və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilər. Buna görə də bu təşəbbüsdən çox təəssüflənərək qeyd edirik ki, bu yol etimad, sülh və barışıq üçün mühit yaratmağa kömək etmir. Məruzəçilər Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara öz öhdəliklərini gücləndirməyə çağırır.