Bir gündə 2-ci SMS-icazə istədi, “yox” cavabı aldı

Leyla Aliyeva 29/06/2020

Son bir neçə gün ərzində sosial şəbəkələrdə “SMS icazə”dən gün ərzində iki koddan yalnız birindən istifadə etməyə icazə verildiyi bildirilir. Vətəndaşlar qeyd ediblər ki, artıq həkimə getmək üçün icazə aldıqdan sonra 2 kodu üzrə marketə getməyə icazə üçün müraciət etdikdə, onlara imtina qərarı göndərilib. "Xəbərburo"nun verdiyi xəbərə görə "Asan Xidmət”in mətbuat katibi Elnur Niftəliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, “SMS İcazə” sistemi üzrə təlimata uyğun olaraq vətəndaşlar hər iki koddan istifadə edə bilər: "Gün ərzində yalnız kodların birindən istifadəyə icazə verilməsi yaxud bu qaydalarla hər hansı məhdudiyyət qoyulması barədə qərar yoxdur. Vətəndaşlarımız əvvəlki qaydada gün ərzində hər iki koddan istifadə edə bilərlər. Lakin burada sui-istifadə hallarına yol verilməməlidir. Əgər hansısa vətəndaşın ikinci dəfə müraciətinə imtina verilibsə, “Asan Xidmət”ə müraciət edə bilər. Onun müraciəti araşdırılacaq və müvafiq cavab veriləcək”. Qeyd edək ki, bir neçə gün əvvəl 8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edilib. Belə ki, artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.