Bilgəhdə top mərmisi aşkarlanıb

Məmmədzadə Zərintac 24/06/2020

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 20:10-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində sahilyanı ərazidə top mərmisinin aşkarlanması haqda məlumatlar gəlib.

 “Report”a əsasən, ANAMA-dan olan məlumata görə agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Sabunçu rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal bu  əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Sabunçu rayon Polis İdarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd edilən əraziyə baxış keçirilib.

Təhlükəsizliyi təmin olunması məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparıb və nəticədə 1 ədəd 100 mm-lik top mərmisi aşkarlanıb, onu zərərsiz hala salmaq məqsədilə götürülüb,  Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 1 000 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.