Biləsuvarın sabiq icra başçısının həbs müddəti yenidən uzadıldı

Esed Abasli 25/11/2020

Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin yenidən uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Trend-in məlumatına görə, hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub. Məhkəmənin qərarı ilə Mahir Quliyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti üç ay uzadılıb. Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bu il aprelin 29-da Biləsuvar Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə o, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.