Berlində Almaniya azərbaycanlıları ilə görüş olub

Aynur 19/09/2021

Almaniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Berlin şəhərində Almaniya Azərbaycanlıları Alyansının (AAA) toplantısında iştirak edib.

Komitədən "Qafqazinfo"ya verilən məlumata görə, tədbiri giriş sözü ilə Alyansın İdarə Heyətinin sədri, Bakı-Nürnberq Cəmiyyətinin rəhbəri Yaşar Musayev açıb. 

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov çıxış ediblər.

Almaniyada Azərbaycan icmasının daim fəal olduğunu, yaxşı təşkilatlandığını xatırladan Komitə sədri Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq müxtəlif ölkələrdə Azərbaycan diasporunun quruculuğu istiqamətində əhəmiyyətli işlər görüldüyünü və ciddi uğurlar əldə edildiyini bildirib, fədakar fəaliyyətə görə Alyansın İdarə Heyətinin üzvlərinə təşəkkür edib.

Komitə rəsmisi həmvətənlərimizi diasporumuzun birliyi və həmrəyliyi baxımından böyük əhəmiyyət kəsb edən Azərbaycan Evlərinin fəaliyyətində yaxından iştirak etməyə dəvət edib. 

Toplantı Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə, diaspor nümayəndələrinin Şuşa səfərinə həsr edilmiş videoçarxların nümayiş olunması, eləcə də Alyansın fəaliyyəti barədə hesabatın təqdimatı ilə davam edib.

Daha sonra Alyansın İdarə Heyətinə seçkilər olub və 13 nəfər İdarə Heyətinə üzv seçilib.

Tədbir qarşıdakı mərhələdə görüləcək işlərlə bağlı fikir mübadiləsinin aparılması və tövsiyələrin verilməsi ilə yekunlaşıb.