"Benzinin qiymətinin qalxması avtomobil qiymətlərinə ciddi təsir etməyib"

Esed Abasli 05/02/2021

"Azərbaycanda Aİ-92 benzinin və dizel yanacağının qalxması avtomobil qiymətlərinə ciddi təsir etməyib".

Bunu AZXEBER.COM-a açıqlamasında "Əmlak” Ekspert Mərkəzinin direktoru, ekspert Ramil Osmanlı deyib. Ramil Osmanlı yalnız dizel yanacağı ilə çalışan bəzi avtomobillərin qiymətində nisbi ucuzlaşmanın olduğunu bildirib: "İndiki zaman avtomobil bazarı o qədər də aktiv dövr hesab olunmur. Avtomobil bazarında qiymətlərin və ümumi dinamikanın dəyişikliyi mart ayının əvvəlindən müşahidə olunacaq. Həmin dövrə kimi gözləmək lazımdır. Hələ ki, ciddi qiymət dəyişiklkiyi yoxdur. Amma dizel yanacağı ilə çalışan bəzi avtomobillərin qiymətində nisbi ucuzlaşma var”.

Ekspert fevralın sonunda avtomobil ehtiyat hissələrinin qiymət artımları ilə bağlı dəqiq rəqəmlərin açıqlanacağını qeyd edib:

"Yanacaq tariflərinin dəyişməsi əksər istehlak məhsullarının qiymətində öz təsirini göstərib. Artıq qiymətlərdə artımlar müşahidə olunmaqdadır. Artımlar gündəlik tələbat məhsullarında özünü biruzə verir. O cümlədən daha çox istehlak olunan və gündəlik satılan kiçik mühərrik, ötürücü qutu kimi digər avtomobil ehtiyat hisslərinin də qiymətlərində nisbi dəyişikliklər var. Bu məsələ ilə bağlı dəqiq təhlili fevralın sonuna doğru müəyyən etmək mümkün olacaq. Çünki tariflər yeni artırılıb. Araşdırmalar gedir. Monitorinqlərin nəticəsindən sonra dəqiq rəqəmlər söyləmək mümkün olacaq”. Ramil Osmanlı onu da əlavə edib ki, su tariflərinin qalxması moykalarda maşınların yuyulması və ya təmizlənməsi ilə bağlı ciddi dəyişikliklərə səbəb olmayıb:

"Burada diqqət olunan əsas məqam tariflərin daha çox vətəndaşlar üçün məişətdə istifadə olunan su tarifləri bağlı olmasıdır. Əgər qeyri-yaşayış təyinatlı obyektlərə verilən suyun tarifləri dəyişərsə, o zaman qiymət artımı ola bilər. İndiki halda isə bu hal baş verməyib”.

Qeyd edək ki, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.