Bəhram Bağırzadə evinə buraxılıb

Məmmədzadə Zərintac 27/07/2020

Əməkdar artist Bəhram Bağırzadə  xəstəxanadan evinə buraxılıb.

“XəbərBuro" xəbər verir ki, onu ailə üzvləri və sənət dostları qarşılayıb. 

Mərkəzi Gömrük Hospitalının reanimasiya söbəsinin həkimi Xəyal Məmmədov söyləyib ki, Bəhram Bağırzadə hospitalın reanimasiya şöbəsində 44 gün müalicə alaraq sağalıb və bu gün evə yazılıb: “Hospitala daxil olanda vəziyyəti çox ağır və kritik idi. Ağciyərlərinin böyük hissəsi zədələnmişdi. Süni tənəffüs aparatına qoşulmuşdu. Lakin bununla xəstənin vəziyyəti yaxşılaşmadığı üçün EKMO aparatına qoşulmuşdu. 18 gün müddətində bu aparat vasitəsilə idarə olunub. Ondan sonra vəziyyətində müsbət dinamika müşahidə olundu. Tədricən bütün aparatlardan ayrılaraq tam sağalaraq evə yazılıb. Xəstə hazırda tam sağalmış hesab olunur. Reabilitasiya kursu keçəcək”.

Bəhram Bağırzadə vəziyyətinə bağlı “Qafqazinfo”ya danışıb:

“Həmişə Allaha dua etmişəm, ona təvəkkül edib yaşamışam. Allahın mənə, valideynlərimə rəhmi gəldi. Baxmayaraq ki, bu qədər insan koronavirusdan dünyasını dəyişib. Eyni zamanda Azərbaycan Prezidentinə minnətdaram. Belə gözəl şərait yaratmasaydı, səhiyyədə belə düzgün sistem olmasaydı, həkimlər mənim üzərimdə gecə-gündüz çalışmasaydı, bəlkə də mən bu vəziyyətdən çıxa bilməyəcəkdim. Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. O olmasaydı, onun nəzarəti olmasaydı, bəlkə də bu gün mən sizinlə təmasda olmayacaqdım. Öz minnətdarlığımı bildirirəm, Mərkəzi Gömrük Hospitalının xadiməsindən tutmuş baş həkiminə kimi hər kəsə təşəkkür edirəm. Onlar bu müharibınin qəhrəmanlarıdır. Fəxr edirəm ki, Azərbaycanda belə həkimlərimiz var. Vaxtınızı, zamanınızı halal edin, çünki mən bu günlərdə sizə əziyyət verdim, 46 gün sizi gərgin saxladım”.