Bədavi Hüseynov: "Qarabağ"da ehtiyatda qalmaq düşüncəsi yoxdur"
Çox gərgin və əsəbi qarşılaşma oldu. Uzun müddətdir bu cür qarşılaşmamız olmurdu. Bu dəfə xeyli güc itirdik".
Bunu "XəbərBuro"a açıqlamasında "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrədə "Sürix"lə 2:2 hesablı heç-heçə etdikləri cavab oyunu barədə danışarkən deyib.
32 yaşlı müdafiəçi mərhələ adladıqları üçün sevindiyini bildirib: "Hamı bizdən uğurlu nəticə gözləyirdi. Əlimizdən gələnin ən yaxşısını etmək istəyirdik ki, azarkeşləri sevindirək. Bunu bacardığımıza görə şadam".
Hüseynov az forma şansı qazanmasına da toxunub: "Qarabağ"da ehtiyatda qalmaq düşüncəsi yoxdur. Uzun müddət oynamayan futbolçu da istənilən an meydana çıxıb komandaya kömək etməyə hazırdır. Bütün oyunçular baş məşqçinin göstərişini gözləyir. Kənarda qalmaq çətindir. Amma önəmli olan şans qazandığını anda səhv etməmək və faydalı olmaqdır. "Sürix"lə görüşdə Kevin Medinanın əvəzinə meydana daxil olanda onu layiqincə əvəzləmək haqqında düşünürdüm. Meydanda istək həddindən artıq çox idi. Oyuna girməmişdən əvvəl motivasiya almışdım. Buna görə də bütün komanda yoldaşlarıma təşəkkür edirəm".
Təcrübəli oyunçu III təsnifat mərhələsindəki rəqibləri Macarıstan "Ferenstvaroş"u haqqında qısa danışıb: "Kollektivdə ab-hava yaxşıdır. Vaxtımız azdır. Bu oyunlara tam hazır olmalıyıq. İtkilərimiz olsa da, bacardığımızın maksimumunu etməyə çalışacağıq".
"Qarabağ" "Ferenstvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.