Bayram namazı bu cür qılınacaq

Leyla Aliyeva 28/07/2020

“Builki Qurban bayramını dünyada davam edən pandemiya şəraitində qarşılayırıq. Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədi ilə ibadət məkanları müvəqqəti bağlıdır”. 

“Xəbərburo” xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Qurban bayramı münasibətilə yaydığı məlumatda deyilir. 

Qeyd edilib ki, pandemiya dövrünün məcburi təcrid tədbirləri səbəbindən Həcc ziyarətinin belə təxirə salındığı bir dövrdə bayram namazlarının ailə daxilində qılınması məqbuldur: “Karantin səbəbindən ibadət məkanlarının müvəqqəti bağlı olması dindarlığa, təqvaya xələl gətirməməlidir. Xəstəlik və çətinliklər Allaha sığınmaq, səbr, təvəkkül, tövbə üçün bir vəsilə olmalıdır. Ümidvarıq ki, insanlar bu sınaqdan mənən daha güclü, ruhən daha saflaşmış çıxarlar, inşallah!”

Məlumatda deyilir ki, bayram günlərində imkansız, ehtiyacı olan insanlara qurban əti paylanması, habelə ərzaq və ya hər hansı sovqatın çatdırılması bəyənilən əməldir: 

“Qurban kəsmək Məkkədə Həcc ziyarəti zamanı zəvvarlar üçün vacibdir, digər yerlərdə isə bu vacib deyil, müstəhəb əməl olduğundan bu il karantin rejimi şəraitində ictimai yerlərdə kəsim edilməməsi tövsiyə olunur. İnsanların kütləvi toplaşma ehtimalı olacaq kəsim yerlərində virusa yoluxma hallarının qarşısını almaq məqsədilə bir çox ölkələr bu addımı atır”.