Baş Prokurorluğun sabiq müstəntiqinin məhkəməsi başlayır

Röya Vahabova 18/06/2020

Nəsimi Rayon Məhkəməsinə Baş Prokurorluğun sabiq müstəntiqi Orxan Hacıyevin cinayət işi üzrə məhkəmə araşdırması başlayır.

"Xəbərburo" bildirir ki, “Report”un xəbərinə görə, cinayət işi hakim Azər Tağıyevin icraatına verilib.

Hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, ittihama görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin sabiq əməkdaşı Orxan Hacıyevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material araşdırılıb.

Aparılmış araşdırmalarla Orxan Hacıyevin 2015-2018-ci illərdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifəsini icra edərkən icraatında olan cinayət işinin istintaqı ilə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək zərərçəkmiş şəxsin qohumunu xidməti otağında qəbul edərək istintaqın aparılması və təqsirləndirilən şəxsin tutulması məqsədilə əməliyyat tədbirlərinin keçirilməsinin təşkili üçün xərclərin həmin şəxs tərəfindən ödənilməli olması adı ilə aldadaraq 5 000 manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.