XəbərBuro

Baku ID innovasiya festivalı uğurla keçirildi

Sam Williams 26/06/2025

19 iyun 2025-ci il tarixində SABAH.HUB İnnovasiya Mərkəzinin dəstəyi ilə təşkil olunan Baku ID innovasiya festivalı uğurla keçirildi. Jolly Joker Baku və Daş Salnamə Muzeyində baş tutan builki tədbir “The Regional Nexus” mövzusu ətrafında təşkil olundu. Bu mövzu, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika regionları arasında innovativ və texnoloji əməkdaşlığın inkişafına fokuslandı.

Baku ID 2025 festivalının rəsmi açılışı SABAH.HUB-un baş icraçı direktoru Rəhim Bayramlının çıxışı ilə başladı. Ardınca çıxış edən idarə heyətinin üzvü Fərhad Paşayev tədbirin ölkənin innovasiya gündəmində daşıdığı əhəmiyyətə toxundu.

Rəhim Bayramlı açılış nitqində Azərbaycanın innovasiya gündəliyində yeni bir mərhələyə keçdiyini vurğuladı və bildirdi ki, SABAH.city layihəsinin inşasına artıq start verilib. Bu müasir mərkəz gələn il keçiriləcək Baku ID 2026 tədbirinə ev sahibliyi edəcək. O, bu addımın regionun texnoloji inkişafını sürətləndirəcəyini və Azərbaycanın daha güclü innovasiya mərkəzinə çevriləcəyini qeyd etdi.

Festivalda bu il də ənənəyə sadiq qalaraq aparıcı dövlət qurumlarının nümayəndələri və nüfuzlu təşkilatların təmsilçiləri iştirak etdilər.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin rəhbəri Fariz Cəfərov, süni intellekt, yeni bacarıqlar və gələcəyin işçi qüvvəsinin formalaşdırılması mövzusunda çıxış etdi. O, 4SİM-in fəaliyyəti, həyata keçirdiyi layihələr və gənclərə beynəlxalq forumlar vasitəsilə təqdim olunan imkanlar barədə məlumat verdi. Bildirildi ki, qurum insan kapitalının inkişafını dəstəkləyən təşəbbüslər irəli sürərək gənc mütəxəssislərin formalaşmasına töhfə verir.

Festival çərçivəsində investorlar, startaplar və digər iştirakçılar üçün geniş tərəfdaşlıq imkanları, dinamik şəbəkələşmə mühiti və məhsuldar əməkdaşlıqlar üçün görüşlər təşkil olundu.

Tədbirdə 32-dən artıq yerli və xarici investor, 75-dən artıq yerli və beynəlxalq startap, 4000-dən artıq iştirakçı və 21-dən çox tərəfdaş yer aldı.

Festivalın ən çox diqqət çəkən hissələrindən biri isə startap müsabiqələri oldu. Bu müsabiqələr regionun ən perspektivli və innovativ layihələrini üzə çıxarmaqla yanaşı, gənc sahibkarlar üçün qlobal investorlarla əlaqə qurmaq və ideyalarını həyata keçirmək üçün real imkanlar yaratdı.

Tədbir eyni zamanda tələbələr üçün də dəyərli imkanlar təqdim etdi. “University Demo Day” çərçivəsində onlar innovativ layihələrini təqdim etdilər və investorlarla tanış olmaq, ABB Tech Academy tərəfindən təqdim olunan təqaüdləri qazanmaq imkanı əldə etdilər.

Baku ID 2025 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, SOCAR, PAŞA Holding və 4SİM kimi nüfuzlu qurumların tərəfdaşlığı ilə həyata keçirildi. Bu dəstək nəticəsində Baku ID artıq yalnız regional deyil, həm də beynəlxalq miqyasda tanınan bir innovasiya platformasına çevrilməkdədir.

Tədbirlə bağlı yeniliklər və festivalın təfərrüatları üçün rəsmi vebsayt – www.bakuid.com, eləcə də Instagram, LinkedIn və Facebook sosial şəbəkələrindəki Baku ID səhifələri aktiv şəkildə izlənilib.

Related Articles