Bakıdan yasa gedən kürəkəni qohumları döyüb, bıçaqladı

Fəxriyyə Qüdrətli 06/06/2020

Göyçay rayonunda qohumlar arasında baş verən dava qanla nəticələnib.

"Xəbərburo" "Axar"a  istinadən xəbər verir ki, hadisə Göyçay şəhərinin Natavan küçəsində, avtovağzalın yanında baş verib.

Əslən Göyçaydan olan və Bakıda yaşayan 1990-cı il təvəllüdlü Mirzə Əlibala oğlu Məmmədov ailə münaqişəsi zəmnində aralarında baş verən dava zamanı bacısının kürəkəni, İsmayıllı rayonu Kürdmaşı kənd sakini, 1995-ci il təvəllüdlü Şəhriyar İlqar oğlu Məmmədovu bıçaqlayıb. O, bıçaqla Şəhriyar Məmmədovun əlini kəsib.

Qan itirən Şəhriyar Məmmədov təcili olaraq Göyçay Mərkəzi Xəstəxanasına aparılaraq əməliyyat olunub.

Məlumata görə, Kürdmaşı kənd sakini Şəhriyar Məmmədov qaynanasının vəfatı ilə əlaqədar ailəsi ilə birgə Göyçayın Çaxırlı kəndinə gəlib. Dəfn mərasimindən sonra Şəhriyar Məmmədov Çaxırlı kəndində aralarında baş verən dava zamanı həyat yoldaşının dayısı Mirzə Məmmədov tərəfindən döyülüb.

Göyçay rayon avtovağzalının yanında qohumlar arasında baş verən növbəti dava zamanı bıçaqlanma hadisəsi baş verib. Cinayəti törədən Mirzə Məmmədov hadisə yerindən qaçaraq gizlənib. Hazırda polis əməkdaşları Mirzə Məmmədovun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri yerinə yetirir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.