Bakıda yol-nəqliyyat hadisəsi baş verib

Məmmədzadə Zərintac 01/11/2020

Axşam saatlarında paytaxtın Nəsimi rayonunda ölümə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-a istinadən "XəbərBuro" xəbər verir ki, qəza şadlıq sarayının yaxınlığındakı körpüdə qeydə alınıb.

“Toyota” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Hadisə şahidlərinin dediklərinə görə, “Toyota” markalı avtomobilin sürücüsü tuneldə yol-hərəkəti qaydasını pozaraq əks yola çıxıb. Bu zaman nəqliyyat vasitəsi “Mercedes”lə toqquşub.

Hər iki avtomobildə  ümumilikdə beş nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərbənin gücündən “Mercedes” markalı avtomobilin sürücüsü avtomobildə sıxılı vəziyyətdə qalaraq ölüb.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin, DYP, təcili tibbi yardım briqadasının və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Sürücü sıxılmış avtomobildən çıxarılaraq aidyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar hər iki istiqamətdən körpüyə giriş-çıxış bağlanıb. Fakta dair araşdırmalar aparılır.