Bakıda koronavirus testi neqativ çıxdı, pozitiv təqdim etdilər

Röya Vahabova 21/06/2020

Bakıda "Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik"də Covid-19 testindən keçən vətəndaş xoşagəlməz durumla qarşılaşıb.

"Xəbərburo" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sadıq-zadə Mirzə Zeynal oğlu sözügedən tibb ocağında testdən keçib, onun nəticəsi neqativ çıxıb.

Lakin "Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik" İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə vətəndaşın test cavabını pozitiv kimi təqdim edib.

Bu barədə "Qafqazinfo"ya danışan S.Mirzə bildirib ki, ona yaxın olan şəxslərdən birinin Covid-19 testinin nəticəsi pozitiv çıxıb və bu səbəbdən narahat olduğu üçün özü də test etdirib:

"Testdən bir neçə gün öncə yüngül öskürək və 37,4-37,5 qızdırmam var idi. Təcili yardıma bildirsəydim, cavablar 3 günə  çıxacaqdı və əgər məndə pozitiv idisə, kimisə yoluxdura bilərdim. Bu səbəbdən "Referans"a yollandım ki, əmin olum. Çox şükür ki, cavab neqativ çıxdı. Və artıq test verməyə gedəndə məndə heç bir narahatlıq yox idi -  nə öskürək qalmışdı, nə də qızdırma".