Bakı Ali Neft Məktəbində “Virtual Məzun Günü” keçirildi

Röya Vahabova 29/07/2020

Bakı Ali Neft Məktəbi (BANM) bu il “Məzun Günü” tədbirini virtual formada keçirib.

"Xəbərburo" bildirir ki, BANM-dən “Qafqazinfo”ya verilən məlumat görə, Ali Məktəbin sosial şəbəkələrdəki (“Facebook”, “Youtube” və “Instagram”) səhifələrində yayımlanan tədbirin aparıcısı qismində məşhur aparıcı Leyla Quliyeva  çıxış edib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, BANM-in akademik partnyoru olan Böyük Britaniyanın Heriot-Vatt Universitetinin rektoru Riçard Viliyam məzunları təbrik ediblər.

Rektor Elmar Qasımov müraciətində 2020-ci il Məzun Gününün çox çətin bir dövrə təsadüf etdiyini, hazırda Ali Baş komandanımızın rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgərlərinin Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığını,  eləcə də bütün dünyada qlobal COVİD- 19 pandemiyasının qarşısının alınması üçün ciddi karantin həyata keçirildiyini qeyd edib.  Rektor bildirib ki, təhsil tarixində ilk dəfə olaraq dünya universitetlərində, o cümlədən Azərbaycan ali təhsil müəssisələrində Məzun Günü tədbiri keçirilmir.

Valideynlər adından çıxış edən, bu il Ali Məktəbdə “İlin tələbəsi”  seçilən Cavid Məmmədlinin anası Gülər Məmmədova  tələbələrin peşəkar ixtisaslı kadr kimi yetişməsində  zəhmət çəkən pedaqoji heyətə təşəkkür edib.

Tədbirdə BANM-in ötənilki məzunlarının dünyanın müxtəlif universitetlərindən və transmilli şirkətlərdən builki məzunlara göndərdiyi təbrik videosu nümayiş olunub. ABŞ, Türkiyə, Yaponiya, Norveç, Almaniya, İtaiya, Macarıstan, Səudiyyə Ərəbistanı və Anqola kimi ölkələrdə təhsillərini davam etdirən və işləyən BANM məzunları xələflərinə təbrik ünvanlayıblar.

Tədbirin bədii hissəsində musiqi nömrələri, rəqslər, təqdimatlar, əvvəlki Məzun Günlərindən maraqlı fraqmentlər nümayiş olunub.

Sonda 2019/2020 buraxılış ili üzrə  Ali Məktəb üzrə birinci olan Cavid Məmmədli adını simvolik kötüyə həkk edib. Virtual tədbir ənənəvi papaqatma ritualı ilə yekunlaşıb.

Məlumat üçün bildirək ki, bu il Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi (49 nəfər), Kimya mühəndisliyi (46 nəfər) və Proseslərin avtomatlaşdırılması mühəndisliyi (14 nəfər) ixtisasları üzrə ümumilikdə 109 bakalavr məzun olur.