AZTV Milli məclisin önündə və içində baş verən hadisələrlə bağlı geniş təhlil materialı yayımlayıb

Məmmədzadə Zərintac 15/07/2020

Azərbaycan Televiziyası bu gecə -  15 iyulda Azərbaycan Milli Məclisinin önündə və binası daxilində baş verənlər barədə geniş təhlil materialı yayımlayıb.

“Xəbərburo"  xəbər verir ki, materialda məlum hadisələr bəzi dairələrin qaragüruh planının bir hissəsi olduğu, Azərbaycan ordusuna dəstək məqsədilə küçələrə çıxmış əhalidən, yaranmış şəraitdən sui-istifadə edənlərin ortaya çıxdığı ifadə edilib. Sözügedən planın sifarişçilərinin də kimliyi açıqlanıb. Yürüş davam etdiyi müddətdə insanların arasında izdihama siyasi məzmun verməyə çalışan adamlar meydana çıxıb. Məqsəd prosesi nəzarətdən çıxarmaq, döyüşlərdə üstünlüyün gətirdiyi güclü emosiyaları neqativ istiqamətə yönləndirmək cəhdi idi. Təhlildə vurğulanır ki, sosial şəbəkələrdən od ələyənlərin, alov püskürənlərin erməni kimliyi müəyyənləşib.

“Azərbaycan  xalqının iradəsi, uzun illərin əziyyəti, şəhidlərin qanı bahasına qazanılan bu uğurları qorumaq, ciddi vətəndaş mövqeyini ortaya qoymaq indi şərəf, millət, Vətən məsələsidir.

İndi şüşə sındırmaq, ucuz siyasət vaxtı deyil. Cəbhədə Ermənistana qarşı milli birlik, həmrəylik, milli iradə vaxtıdır. Zaman məsuliyyətlə davranmaq, nizam-intizama hər zamankından daha çox riayət etmək, cəmiyyətdəki təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq zamanıdır. Təmkin və birlik günüdür”, - fikirləri ilə süjet başa çatıb.