“Azərbaycanın qələbə qazanacağı şübhəsizdir”

Leyla Aliyeva 13/07/2020

"Son 16 ildən artıq dövrdə ümummilli lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən ölkə Prezidenti,  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edir. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması bu siyasətin prioritet istiqamətlərindəndir. Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması da bu sahədə görülən işlərin nəticəsidir. Böyük əminliklə qeyd edirik ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək qüdrətindədir.  2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt zəfəri ordumuzun gücünü həm işğalçı Ermənistana, həm də dünyaya nümayiş etdirdi”. 

"Xəbərburo" xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, iyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub:

"Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmləsi nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. Möhtərəm Prezidentimiz İlham Əliyev Təhlükəsizlik Şurasının iyulun 13-də  keçirilən iclasında da bu reallığı diqqətə çatdırdı ki, Ermənistan Tovuz rayonu  istiqamətində hərbi təxribatı ilk hadisə deyil. 2016-cı ilin aprelində Ermənistan  təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi. Onların sırasında bir uşaq da var idi.  26 mülki şəxs yaralandı. Yüzlərlə ev dağıdıldı.  Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi, bayrağımız azad edilmiş ərazilərdə qaldırıldı. Döyüş meydanında məğlub olan Ermənistan bundan sonra şəhərlərimizə və kəndlərimizə hücum etmək kimi məkrli siyasətindən istifadə etməyə başladı. 2017-ci ilin iyulunda   Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücum edildi,  2 dinc sakin - 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi qətlə yetirildi. 2017-ci il avqustunda  Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralandı.”

"İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, düşmən mütəmadi olaraq atəşkəsi pozur, təxribatlara əl atır:

“Beynəlxalq təşkilatların, dünyanın  böyük dövlətlərinin buna biganə yanaşması təbii ki, birmənalı qarşılana bilməz. Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki,  necə olur despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan hakimiyyətinə  heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Təcavüzkara münasibətdə bu cür siyasət ədalətsizliyi nümayiş etdirir. Aprel döyüşlərindən bu günə qədər ermənilərin təmas xəttində törətdikləri təxribatlara diqqət yetirdikdə bu həqiqət özünü bir daha təsiqləyir.”


V.Rəhimzadə xatırladıb ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məlum qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edir.