Azərbaycanda "yaşıl" sərmayələrə daha çox dəstək veriləcək

Məmmədzadə Zərintac 30/06/2020

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Avropa İttifaqı ilə birgə Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna), həmçinin Misir və Mərakeşdə “yaşıl” sərmayələrə və iqlim dəyişikliklərinə qarşı tədbirlərə dəstəyi artırır.

“Xəbərburo” EBRD-yə istinadən xəbər verir ki, müəssisələrin səmərəli enerjiyə sərmayə yatırmalarına, karbon qazı tullantılarını azaltmağa, yeni yaşıl texnologiyaların tətbiqinə, həmçinin səmərəli enerji və ehtiyat sərfinə yatırımlar üçün hüquqi bazanın təkmilləşməsinə yönələn EBRD proqramları üçün Aİ tərəfindən 61,3 milyon avro məbləğində qrantlar ayrılır.

EBRD-nin “İqlim dəyişikliyi üçün maliyyə və texnologiyalar transferi” (FinTecC) proqramı vasitəsilə EU4 Climate təşəbbüsü çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinə ayrılacaq 15,4 milyon avro sərmayə qrantları, texniki yardımlar, yenilikçi vauçerləri vasitəsilə çatdırılacaq. Bu da yenilikçi iqlim texnologiyalarının, sabit sahibkarlıq üsullarının daha sürətli tətbiqinə kömək etməlidir.

“Yaşıl sərmayələr, bərpa olunan enerji mənbələrinin daha geniş istifadəsi, gələcəkdə karbon dioksid tullantılarının azalması baxımdan iqlim maliyyələri vacib alətdir. Hazırda koronavirus pandemiyası və neftə tələbatın azalması nəticəsində iqlimlə əlaqədar fəaliyyətlər üçün təhlükə yaranması bunun əhəmiyyətini daha da artırır. EBRD və Aİ birgə çalışdıqları ölkələrdə yaşıl dirçəlməyə daha tez nail olunmasında maraqlıdırlar”, - açıqlamada bildirilir.

Vurğulayaq ki, bərpa edilən enerji mənbələrinin təşviqinə, iqlim dəyişikliklərilə bağlı tədbirlərə dəstək layihələri üçün ilk maliyyə ayıran EBRD indiyədək yaşıl sərmayələrə bütövlükdə 34 milyard avro vəsait ayıraraq 1 900-dən artıq layihəni maliyyələşdirib ki, nəticədə 102 milyon ton karbon dioksidin havaya buraxılmasının qarşısı alınıb.