Azərbaycanda aşağı nəticə göstərən məktəblərlə bağlı YENİ LAYİHƏ – Bu ildən tətbiqinə başlanıldı

19/03/2022

“Təhsilin demokratik, humanist prinsiplər əsasında inkişaf etdirilməsi məzmunun, texnologiyaların və idarəetmə sisteminin yenidən qurulmasını, həmçinin təhsil sisteminin cəmiyyətin ehtiyac və tələbatlarına uyğunlaşdırılmasını prioritet istiqamət kimi tələb edir”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi (ARTİ MDPİM) Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfovun məktəblərin inkişafı ilə bağlı məqaləsində yer alıb.

Müəllif, bu istiqamətdə görülən işlərin, ilk növbədə təhsilin idarəedilməsində dəyişikliklərin aparılmasını həlledici amillərdən biri kimi qarşıya qoyur:

“Təhsilin idarə edilməsində metodiki-pedaqoji əsaslara istinad edilməsi, idarəçilik fəaliyyətinin hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və keyfiyyətin monitorinqi prinsipləri əsasında qurulması günümüzün ən vacib tələblərindəndir. Azərbaycan məktəbinin dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, intellekt məktəbinə çevrilməsi, nailiyyətlərin düşüncə, təfəkkür səviyyəsinə görə qiymətləndirilməsi təhsil siyasətinin əsas prioritetlərindəndir. Bu baxımdan mövcud metodik işin təşkili sisteminin təşkilati-struktur baxımından yeniləşdirilməsinə ehtiyac günü-gündən artmaqdadır”.

Qurum rəsmisinin sözlərinə görə, ARTİ tərəfindən pedaqoji kadrlara metodik dəstəyin göstərilməsi, onların peşəkar bacarıqlarının artırılması və yenidən hazırlanması, təlim-tərbiyə işlərinin keyfiyyətinin yaxşılaşdırılması və məktəblərə effektli metodiki dəstəyin göstərilməsi istiqamətində müxtəlif layihə və proqramlar uğurla icra edilir:

“Bu fəaliyyətlərdən biri də Məktəbin İnkişaf Planın (MİP) tətbiqidir. Təhsildə Keyfiyyət və Təminat Agentliyi (TKTA) tərəfindən ümumtəhsil müəssisələrində aparılan inspeksiyaların nəticəsi olaraq öyrənmə mühiti, tədrisin təşkili, idarəetmə göstəriciləri və s. üzrə aşağı nəticə göstərən məktəblər üçün metodik dəstək hərakatı başlanılıb və bununla bağlı müxtəlif strategiyalar hazırlanıb. Məktəbin İnkişaf Planın hazırlanması prosesində ARTİ və BŞTİ birlikdə fəaliyyət göstərir. Proses yanvar ayından etibarən başlanıb və hazırda 20-dən artıq məktəbdə MİP-in hazırlanması və metodik dəstəyin göstərilməsi davam etməkdədir”.

Elxan Nəcəfov bildirib ki, ARTİ tərəfindən hər məktəbin şagird və müəllim kontingenti, yerləşdiyi ərazi, kadr potensialı, məktəbin infrastruktur təminatı, məktəb-valideyn əməkdaşlığı, təhlükəsizlik şəraiti və s. kimi nüanslar diqqətlə öyrənilir, təhlil edilir. Nəticə olaraq məktəbin potensialına uyğun real hədəflənə bilən fəaliyyətlər aşkara çıxarılır.

Məktəbin İnkişaf Planı hazırkı mərhələdə hər bir məktəb üçün 1 illik nəzərdə tutulub. Növbəti illərdə 3 və ya 5 illik inkişaf planlarının hazırlanması planlaşdırılır.

MİP-in hazırlanması və inkişaf istiqamətləri üçün fəaliyyətlərin real aşkarlanması məqsədilə ARTİ-MDPİM əməkdaşları hər bir məktəbdə ən azı 2-3 həftə müxtəlif fəaliyyətləri icra edir. Bura daxildir:

TKTA-nın inspeksiya hesabatının təqdimatı və müzakirəsi;

Məktəb rəhbərliyi tərəfindən təklif edilmiş MİP komandasının təlimatlandırılması;

Məktəb rəhbərliyi və idarəetmə heyəti ilə ümumi və fərdi görüşlər;

Dərsdinləmələr və müşahidələrin ümumi və fərdi müzakirəsi.

İcra edilən fəaliyyətlərin nəticəsi olaraq əldə edilən data MİP-in hazırlanmasında TKTA-nın hesabatından sonra ikinci baza rolunu oynayır.

Məktəbin İnkişaf Planında yer almış sahələr üzrə fəaliyyətlərin icrası və hədəflənən nəticələrin əldə edilməsində məsuliyyətin əsas hissəsi məktəb rəhbərliyi və MİP komandasının üzərinə düşür.

Bununla bərabər arzulanan müsbət meyllərin əldə edilməsi üçün ARTİ tərəfindən müxtəlif metodik fəaliyyətlər nəzərdə tutulur. Bura ümumi pedaqoji heyət üçün nəzərdə tutulmuş qeyd edilən seminarlar, təlimlər və mentorluq proqramları daxildir.

Elxan Nəcəfov qeyd edib ki, pedaqoji heyətin ehtiyaclarına uyğun olaraq elektron oxu materialları və əyani vəsaitlərlə təminatı da nəzərdə tutulur.