Azərbaycan və Türkiyə bələdiyyələrinin koronavirusla mübarizə sahəsində fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparılıb

Esed Abasli 15/05/2020

Mayın 15-də Türk Dünyası Bələdiyyələr Birliyinin və Qaziantep Böyükşəhər Bələdiyyəsinin sədri Fatma Şahinin təşəbbüsü ilə pandemiya dövründə koronavirusla mübarizə sahəsində iki qardaş ölkənin bələdiyyələrinin fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparmaq məqsədilə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının rəhbərlərinin və bir sıra şəhər bələdiyyə sədrlərinin iştirakı ilə videokonfrans keçirilib.
"XəbərBuro" AZƏRTAC'a istinadən  xəbər verir ki, videokonfransda Fatma Şahin, Türk Bələdiyyələr Birliyinin baş katibi Birol Tikiçi, Birliyin Xarici Əlaqələr departamentinin müdiri Camal Baş, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Milli Assosiasiyaların koordinatoru - Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Xətai bələdiyyəsinin sədri Elşad Vəliyev, Abşeron rayonu Xırdalan bələdiyyəsinin sədri Orxan Musayev iştirak ediblər.
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirusa qarşı mübarizə çərçivəsində vətəndaşlarımızın sağlamlığının və sosial rifahının qorunması ilə bağlı dövlətimizin vaxtında və sistemli şəkildə apardığı genişmiqyaslı tədbirlər barədə ətraflı məlumat verib. O, eyni zamanda, qeyd olunan tədbirlərdə ölkə bələdiyyələrinin də fəal iştirak etməsini və gördükləri işləri konfrans iştirakçılarının diqqətinə çatdıraraq, iki qardaş ölkə bələdiyyələri arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasını qeyd edib və bu münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının rəhbərliyini və bələdiyyə sədrlərini salamlayan xanım Fatma Şahin pandemiya dövründə Türkiyədə bələdiyyələr tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verərək, eyni zamanda, ölkələrimizin bələdiyyələri arasında qardaşlaşmanın mühüm əhəmiyyətindən və bu prosesin genişləndirilməsinin vacibliyindən danışıb.
Videokonfransın digər iştirakçıları da pandemiya dövründə bələdiyyələrin yerli icra hakimiyyəti ilə birgə həyata keçirdikləri tədbirlər barədə məlumat veriblər və qardaş Türkiyə bələdiyyələri ilə qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsini əhəmiyyətini bildiriblər.