Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri görüşdü

Aynur 05/10/2021

Oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü olub. 


"XəbərBüro" xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze bəyanatla mətbuatda çıxış ediblər.


Z.Həsənov ölkələrimizin və xalqlarımızın mehriban qonşuluq və yaxın dostluq münasibətlərinin önəminə toxunub.


Gürcüstanda keçirilən üçtərəfli görüşün ölkələrimiz arasında strateji səviyyəli dialoqun bariz nümunəsi olduğunu qeyd edən nazir, birgə təlimlərin üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsinə zəmin yaradacağını və nəticədə regional təhlükəsizliyə öz töhfəsini verəcəyini bildirib.


Gürcüstanın Müdafiə naziri cənab C.Burçuladze keçirilən görüşün əhəmiyyətini vurğulayaraq, bu ölkənin üçtərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib.


Türkiyənin milli müdafiə naziri cənab H.Akar ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.


Konfransda dövlətlərimiz arasındakı səmimi münasibətlərin və müdafiə sahəsi üzrə üçtərəfli əməkdaşlığın regionda sülh və əmin-amanlığın təminatçısı və nümunəvi tərəfdaşlıq olduğu qeyd edilib.


Sonda media nümayəndələrinin sualları cavablandırılıb.