Azərbaycan əsilli kikboksçu idman şortlarını Ukrayna Ordusu üçün auksiona çıxarıb - FOTO
Azərbaycan əsilli Ukrayna kikboksçusu Orfan Sənanzadə öz idman şortlarını auksiona çıxarıb.
"XəbərBuro"nun məlumatına görə, idmançı 2017-ci ildə Polşanın Vrotslav şəhərində keçirilmiş X Ümumdünya Oyunlarında geyindiyi qırmızı və mavi şortlarına ilkin qiymət olaraq 500 qriven (23 manat) qiymət qoyub. Auksionun vaxtı avqustun 1-də başa çatacaq.
Artıq şortlar üçün 3 min qriven (139 manat) vermək istəyən alıcı var.
İdmançı "XəbərBuro" a açıqlamasında buradan əldə etdiyi məbləği Ukrayna Silahlı Qüvvələrində yer alan kikboksinq məşqçilərinə göndərmək istədiyini bildirib.
Qeyd edək ki, Ukrayna millisinin 63,5 kq çəki dərəcəsində bir nömrəsi sayılan Orfan Sənanzadə 2017-ci ildə keçirilmiş X Ümumdünya Oyunlarında qızıl, bu il ABŞ-ın Birminqem şəhərində baş tutmuş XI Ümumdünya Oyunlarında gümüş medal qazanıb.