“Azərbaycan Diaspor Qadınları Şəbəkəsi” layihəsi çərçivəsində ilk tədbir keçirilib

Röya Vahabova 21/06/2020

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilati dəstəyi ilə “Azərbaycan Diaspor Qadınları Şəbəkəsi” layihəsinin onlayn açılış mərasimi keçirilib.

"Xəbərburo" "Qafqazinfo"ya istinadən  xəbər verir ki, virtual tədbirə 22 ölkədən – ABŞ, Rusiya, Fransa, İsrail, Nigeriya, Almaniya, Avstriya, Niderland, Polşa, Kanada, Böyük Britaniya, İtaliya, Avstriya, Ukrayna, Gürcüstan, Finlandiya, Pakistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Türkiyə və Azərbaycandan 50-yə yaxın fəal azərbaycanlı qadın, diaspor nümayəndələri və xarici qonaqlar qatılıblar.

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin şöbə müdiri Vüqar Məmmədov layihə barədə qısa məlumat verib. Qonaq spiker qismində tədbirdə iştirak edən İsrailin Momentum layihəsinin rəhbəri Ben Peri təqdimatla çıxış edib və görüş iştirakçılarına sözügedən layihədən ətraflı danışıb. Qeyd edək ki, MOMENTUM layihəsi yəhudi diaspor qadınları özündə birləşdirən və onlara dair çoxsaylı fəaliyyətlər həyata keçirən bir layihədir.

V.Məmmədov şəbəkənin yaranma məqsədi və fəaliyyət planı ilə iştrakçıları tanış edib.

Tədbir sosial media şəbəkəsi üzərindən canlı yayımlanıb.

Qeyd edək ki, “Azərbaycan Diaspor Qadınları Şəbəkəsi” layihəsi 2020-ci ilin iyun ayında Dövlət Komitəsinin təşəbbüsü ilə başlayıb. Şəbəkə Azərbaycan diasporunda təmsil olunan, müxtəlif sahələrdə fəaliyyət göstərən və müxtəlif yaş qruplarına daxil olan azərbaycanlı qadınların bir araya gətirilməsi məqsədilə yaradılıb.