Avtobuslarda olan sıxlığın səbəbi nədir? - AÇIQLAMA

Esed Abasli 10/03/2021

İctimai nəqliyyatda sıxlıqlarla bağlı narazılıqlar artıb. Sərnişinlər daha çox avtobusların azlığından və bu səbəbdən baş verən sıxlıqdan şikayətlənirlər. Problemin ikinci tərəfi isə metronun bağlı olmasıdır. Məlumdur ki, belə halda avtobusların üzərinə daha çox yük düşür. Bir yandan da koronavirus infeksiyasına yoluxmanın yenidən artması cəmiyyətdə narahatlığı artırıb.

Bəs görəsən, ictimai nəqliyyatda olan sıxlığın qarşısının alınması üçün hansı tədbirlər görülür?

''XəbərBüro'' bildirir ki,Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev AZXEBER.COM-a açıqlama verib.

O bildirib ki, metronun bağlı olması avtobusların daha da yüklənməsinə səbəb olub.: "Bəli, qeyd etdiyiniz kimi metroda sərnişindaşımaların dayandırılması ilə hazırda bu istiqamətdə əsas yük sərnişin avtobuslarının üzərinə düşüb. Yumşalmaların tətbiqi ilə bu yük əhəmiyyətli dərəcə də artıb. Buna görə də hazırda gündəlik olaraq xətlərə maksimum sayda avtobus çıxarılır. Adi rejimlə müqayisə etsək hər gün xətlərə 25% artıq avtobus çıxarılır. Hər gün 2100-2200 avtobus sərnişinlərimizə xidmət edir. Pik saatlarda əlavə olaraq 100 avtobus da cəlb edilir.

Qurumun sözcüsü deyib ki, nəqliyyatda yaşanan sıxlıq avtobusların sayının az olması ilə əlaqədar deyil: "Bunu nəzərə alaraq bildirim ki, bu gün müşahidə etdiyimiz sərnişin sıxlığı avtobus sayının az olmasıyla əlaqədar deyil. Çünki qeyd etdiyim kimi xəttə maksimal sayda avtobus çıxarılır. Lakin yollarda nəqliyyat vasitələrinin hərəkətində müşahidə edilən sıxlıqlar avtobusların hərəkətini çətinləşdirən başlıca amildir. Bu səbəbdəndir ki, xüsusən də pik saatlarda intervalda gecikmələrin şahidi oluruq. Bu məsələdən çıxış yolu kimi əsas ictimai nəqliyyat dəhlizi hesab olunan küçə və prospektlərdə avtobus zolaqları təşkil etmişik. Bir daha fərdi avtomobil sürücülərin bu zolaqların tələbinə maksimum dərəcə əməl etməyə çağırırıq".