Avstriyada məhdudiyyətlərdən bəziləri ləğv olunur

Məmmədzadə Zərintac 14/06/2020

Avstriyada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərdən bəziləri ləğv edilir.

İyunun 15-dən etibarən ölkədə ticarət obyektlərində, kafe və restoranlarda, həmçinin, otellərdə tibbi maskalardan istifadə öhdəliyi aradan qalxacaq.

İctimai nəqliyyat, səhiyyə obyektləri və apteklərdə, eləcə də sosial məsafənin saxlanması mümkün olmayan yerlərdə bu öhdəlik qüvvədə saxlanılacaq.  Bundan başqa, kafe və restoranların iş saatı da 23:00-dan 01:00-dək uzadılıb.

Bildirək ki, indiyədək Avstriyada 17 109 nəfər koronavirusa yoluxub, onlardan 677-si vəfat edib. Sağalan xəstələrin sayı isə 16 059-dur.