Avropa Parlamenti Lukaşenkonu “arzuolunmaz şəxs” hesab edir

Leyla Aliyeva 17/08/2020

"Avropa Parlamentinin üzvləri Belarusdakı seçkilərin nəticələrini tanımır və Avropa İttifaqında Prezident Aleksandr Lukaşenkonu persona non grata hesab edirlər”.

“XəbərBuro” xəbər verir ki, bu haqda bazar ertəsi Brüsseldə yayımlanan Avropa Parlamenti partiyalarının ortaq bəyanatında bildirilib.

“Avqustun 9-da keçirilən prezident seçkiləri nə azad, nə də ədalətli keçdi. Etibarlı hesabatlar Svetlana Tixanovskayanın qələbəsindən xəbər verir. Buna görə də biz Aleksandr Lukaşenkonu Belarusun yeni Prezidenti kimi tanımırıq və onu Avropa İttifaqında persona non grata (arzuolunmaz şəxs)  hesab edirik. Müstəqil müşahidəçilərin nəzarəti altında azad seçkilərin keçirilməsinə dair Belarus xalqının tələblərinə qoşuluruq”,- deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, Minskdə günlərdir davam edən etiraz mitinqlərinə baxmayaraq, Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkonun 80,1 faiz səslə qalib gəldiyini açıqlayıb.