AİH-in Müşahidə Şurasının ilk iclası keçirilib

Məmmədzadə Zərintac 14/08/2020

 Prezident İlham Əliyev 6 avqustda keçirdiyi video müşavirədə dövlət şirkətlərinin iqtisadi fəaliyyətinin səmərəliliyinin artırılması üçün idarəetmənin təkmilləşdirilməsinə ehtiyacın olduğunu deyib və Nazirlər Kabinetinə müvafiq işlərin görülməsi üçün müvafiq tapşırıq vermişdi.

"XəbərBuro" xəbər verir ki, 7 avqustda Azərbaycan İnvestisiya Holdinqinin (AİH) yaradılması və Nizamnaməsinin təsdiq edilməsi barədə müvafiq Prezident Fərmanı imzalanıb.

 12 avqustda  İlham Əliyevin Sərəncamı ilə AİH-in Müşahidə Şurasının (AİH MŞ) tərkibi təsdiq olunub.

 14 avqustda  AİH MŞ-nin sədri, Baş Nazir Əli Əsədovun rəhbərliyi və Şura üzvləri - Prezident köməkçiləri Şahmar Mövsümovun, Natiq Əmirovun, İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Maliyyə naziri Samir Şərifovun iştirakı ilə ilk iclası keçirilib.

Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.

Video müşavirədə Prezidentin Fərmanından irəli gələn tapşırıqlar - korporativ idarəetmənin təşkili, səmərəli və şəffaf fəaliyyət, maliyyə sağlamlığının gücləndirilməsi, dayanıqlı inkişafın təmini və bəzi təşkilati məsələlər müzakirə edilib. Verilən tapşırıqların vaxtında və tam həcmdə icra olunması əsas tələb kimi qoyulub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov AİH-nin təşkilati məsələləri və funksional fəaliyyət istiqamətləri barədə çıxış edib.

Müşahidə Şurasının sədri AİH-nin fəaliyyətinin tezliklə təmin olunması üçün görüləcək tədbirlərlə bağlı tapşırıqlar verib.