AFFA Ağdam və Dondar Quşçu kəndlərində məktəblilərə hədiyyə verdi
AFFA-nın və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun kəndlərində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
"XəbərBuro" assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bu layihə Prezident İlham Əliyevin 2019-cu il dekabrın 29-da Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Layihə çərçivəsində rayonun cəbhə bölgəsində yerləşən Əlibəyli, Ağdam, Vahidli, Dondar Quşçu, Bayramlı və Əsrik kəndlərində 50 məktəbli uşağa futbola marağın artırılması məqsədilə idman geyimləri və futbol topları verilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, millət vəkilləri Qənirə Paşayeva, Arzu Nağıyev, Tamam Cəfərova, Sabir Hacıyev və digər rəsmi şəxslər iştirak edib.