ABŞ-da yenə bir afroamerikalı öldürülüb

Məmmədzadə Zərintac 23/08/2020

ABŞ-ın Luiziana ştatında saxlanıldığı vaxt qaçmağa çalışan afroamerikalını polislər güllələdikdən  sonra başlayan etirazlar iğtişaşlara çevrilib.

“XəbərBuro”  xəbər verir ki, bu haqda  “Associated Press” (АP) agentliyi bildirib. Onlarla insan Lafayett şəhərinin küçələrinə çıxıb.

Dinc etirazlar gecə saatlarında iğtişaşlara çevrilib, hüquq-mühafizə orqanları ilə toqquşmalar başlayıb. Polis kütlənin dağıdılması üçün tüstü qumbarasından istifadə etməyə məcbur olub. Etirazçılar hərəkət hissəsində petardalar və rezin şinlər yandırıblar. Etirazların bir neçə iştirakçısı saxlanılıb.

Polislər  21 avqustda saxlanıldığı zaman qaçmağa cəhd edən 31 yaşlı afroamerikalı - Treyford Pellerinə 10-a yaxın atəş açıblar. Cinayətkar bir qədər sonra xəstəxanada ölüb.

Bu ilin mayın 25-də ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) afroamerikalı Corc Floydu saxlanıldığı vaxt polislər ona qarşı boğucu fənddən istifadə etmişdi.  C.Floyd bir qədər sonra xəstəxanada dünyasını dəyişmişdi.  Floydun ölümündən sonra bir sıra ştatlarda qaradərililərin hüquqlarının tapdanmasına qarşı etiraz aksiyaları başlamış, polislə toqquşmalar, çoxsaylı qarət və vandalizm halları baş vermişdi.