25 min mənimsəyən direktor hakim qarşısına çıxarılır

Esed Abasli 13/12/2021

Mingəçevir Məşğulluq Mərkəzinin direktoru barəsindəki cinayət işi məhkəməyə göndərilib.

"XəbərBüro" bildirir ki,prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, Mingəçevir şəhər Məşğulluq Mərkəzinin direktoru Elçin Abdullayev və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma nəticəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.


İbtidai istintaqla Elçin Abdullayevin Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə qabaqcadan əlbir olub qurumda işsiz kimi qeydiyyata alınmış şəxslərə verilməsi üçün nəzərdə tutulmuş məhsulların alınması ilə bağlı heç bir tender və kotirovka keçirilmədən sənədləri saxtalaşdıraraq 17 nəfər işsiz vətəndaş üçün dövlət büdcəsindən ayrılmış 86 min manat məbləğində vəsaitin faktiki olaraq 61 min manat hissəsini ödəyib qiymətlərin şişirdilməsi yolu ilə 25 min manat məbləğində dövlət vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Abdullayevə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 (mənimsəmə və ya israf etmə- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən- xeyli miqdarda ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilib.